İkinci Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Qəbələnin istehsal müəssisələri,
tarixi abidələri və turizm obyektləri ilə
tanış olmuşlar
Bakıda
keçirilən İkinci
Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunun iştirakçıları iyunun 1-də Qəbələ
rayonunda olmuşlar.
AzərTAc
xəbər verir ki, qonaqlar Qəbələ Beynəlxalq Hava
Limanında hörmətlə qarşılanmışlar.
Forumun xarici ölkələrdən
olan iştirakçılarına Qəbələnin tarixi,
turizm potensialı, rayonun sosial-iqtisadi inkişafı istiqamətində
həyata keçirilən müxtəlif layihələr və
bütün sahələrdə nəzərə çarpan
uğurlar haqqında məlumat verilmişdir.
Rayonla
tanışlıq zamanı qonaqlara məlumat verilmişdir ki,
bu gün Azərbaycanın sosial-iqtisadi inkişafının
bariz nümunəsini Qəbələ rayonunun simasında aydın
görmək olar. Rayonda yaradılan yeni istehsal müəssisələri,
sənaye və turizm obyektləri Qəbələnin iqtisadi
inkişaf dinamikasının artmasında müstəsna rol
oynayır. Beynəlxalq və iri miqyaslı tədbirlərin Qəbələdə
keçirilməsi bu diyarın füsunkar və ecazkar təbiətə
malik olduğunu bir daha təsdiq edir.
Qəbələ
Rayon Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkən
qonaqlara məlumat verilmişdir ki, 1980-ci ildən fəaliyyət
göstərən bu muzeyin əsas fondunda Qəbələnin
2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və
elmi əhəmiyyətə malik eksponat mühafizə olunur.
Arxeoloji, etnoqrafik, numizmatik materiallar, xalq tətbiqi sənəti
nümunələri, qədim əlyazma və çap məhsulları
diqqəti xüsusilə cəlb edir.
Doqquz
yüz kvadratmetr ərazisi olan muzeydə 13 ekspozisiya zalı,
Heydər Əliyev xatirə guşəsi, şəkil
qalereyası, zəngin elmi kitabxana, qədim daş abidələrdən
təşkil olunmuş sərgi meydançası vardır.
Qəbələ
konserv zavodunda istehsal prosesi ilə yaxından tanış olan
forum iştirakçılarına məlumat verilmişdir ki,
12 hektar ərazidə yerləşən müəssisənin
istehsal gücünə və texnoloji avadanlığına
görə Qafqazda analoqu yoxdur. Zavodda "Tetra Pak" xətti
istismara verilmiş, xaricdən gətirilən avadanlıqlar
quraşdırılmışdır. Müəssisənin
iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun
qablaşdırılmasına qədər bütün prosesləri
əhatə edir. Ümumilikdə 350 nəfərin
çalışdığı müəssisədə 30
çeşiddə meyvə şirəsi, konsentrat, nektar, 12
çeşiddə turşu, tomat, mürəbbə, cem, soyuq
çaylar, 15 çeşiddə yarımfabrikat məhsullar
hazırlanır. Məhsullar daxili bazara
çıxarılmaqla yanaşı, 30-dan çox ölkəyə
ixrac edilir.
Sonra
forum iştirakçıları Qafqaz Albaniyasının
paytaxtı olmuş qədim Qəbələ şəhərinin
xarabalıqları ilə tanış edilmişlər. Qonaqlar
indiki Çuxur Qəbələ kəndi ərazisində
arxeoloji ekspedisiya tərəfindən aşkar edilmiş qədim
Qəbələ şəhərinin müdafiə
istehkamları, şəhərin su təchizatı, məişət
və təsərrüfat tikililəri, müxtəlif maddi-mədəniyyət
nümunələri ilə tanış olmuşlar.
Qonaqlar
Qəbələyə səfər zamanı "Gilan
piano" MMC-nin "Beltmann" piano fabrikinə də baş
çəkmişlər. Bildirilmişdir ki, 2009-cu ildən fəaliyyətə
başlayan fabrik hazırda dünyada "Beltmann"
markalı pianolar istehsal edən yeganə müəssisədir.
Fabrikdə
istehsal prosesi ilə tanışlıq zamanı qeyd
edilmişdir ki, regionda analoqu olmayan və ən son beynəlxalq
standartlara cavab verən bu müəssisə inzibati bina və
istehsal sahəsindən ibarətdir. Pianolar sexlərdə
yığılaraq xüsusi avadanlıqla təchiz olunmuş
altı otaqda sazlanır və köklənir. Fabrikdə ildə
1200-1500 pianonun istehsal edilməsi mümkündür.
Nic qəsəbəsinə
səfər edən forum iştirakçıları
"Cotari" Alban kilsəsi (məbədi) ilə
tanış olmuşlar. Qonaqlara məlumat verilmişdir ki, kilsə
tarixi baxımdan ən qədim və əhəmiyyətli abidələrdən
biridir. Nic qəsəbəsi tolerantlığın kiçik
bir modeli hesab edilir. Burada azərbaycanlılar, ləzgilər,
udinlər mehriban şəkildə, bir yerdə
yaşayırlar. Dövlət tərəfindən udinlərə
öz dilini, dinini, adət-ənənələrini, mədəniyyətini
qoruyub saxlamaq və inkişaf etdirmək üçün
yüksək şərait yaradılmışdır. Qəsəbədə
3 kilsə, iki məscid vardır. Hər məhəllədə
müsəlman və xristianların ziyarət etdikləri 5-7
pir mövcuddur. Altı min əhalisi olan kənddə 3700 udin
yaşayır. Qəsəbədə udinlər öz dilini,
dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub
saxlayırlar.
Qonaqlar
Qəbələyə səfərlərinrin sonunda
beşulduzlu "Qafqaz Riverside", "Qafqaz Resort",
"Qafqaz Sport" otelləri, "Fitnes" istirahət-sağlamlıq
mərkəzi, rayonda yaradılmış müasir turizm
infrastrukturu, Qəbələnin füsunkar təbiəti ilə
də tanış olmuşlar.
Qəbələ
ilə tanışlıq, rayonda aparılan tikinti-quruculuq və
abadlıq işləri forum iştirakçılarında zəngin
təəssürat yaratmışdır. Qonaqlar Azərbaycanın
dünyada turizm ölkəsi kimi tanınması
üçün böyük potensiala malik olduğunu və bu
istiqamətdə böyük işlər
görüldüyünü söyləmiş, ölkəmizin
sosial-iqtisadi inkişafının, bölgələrdə
müasir texnologiyaya əsaslanan infrastrukturun, sürətlə
inkişaf edən turizm sektorunun iqtisadiyyatımıza verəcəyi
töhfələri yüksək qiymətləndirmiş və
Qəbələyə səfərlərindən məmnunluqlarını
ifadə etmişlər.
Azərbaycan.-2013.- 2 iyun.- S.5.